بۇ اۇشاق كیمدندیر؟!
دوكتور جئری
شئیخیمیزین اۆچ اوْغلۇ واردێر؛ بیرینجیسی- بهرام، ناسادا اۇزای اۇزمانێدیر. ایكینجیسی- پرهام، كمبریجده پروفئسوْردۇر. اۆچۆنجۆسۆ- شهرام، دارغاشاگیرددیر؛ بیر آیاغێ پوْلیس ایدارهسینده بیر آیاغێ ایسه دوْستاقدادێر. "بهرام آدلێ بیر ایرانلێ ناسانی دوْلاندێرێر" وئرلیشی تئلئویزیوْندان یاییلاندا شهرامێن بوْینۇنا آفتافا آسێلێب كۆچه- بازاردا گزدیریلمكده ایدی. قزئتلر، كمبریجدهكی ایرانلی، پروفئسوْر پرهامین باشارێلارێنی باساندا، شهرام چاخێر ایچمك سۇچو ایله محكمهنین حیطینده قامچێ یئمكده ایدی.
شهرام پوْخ چێخارداندا، شئیخیمیز كۇف دئییب گؤیه چیخیر، گؤزۆنۆ یۇمۇب آغزێنی آچێر، دیلینه گلهنی دئییردی:
- آآآی سنین اكیب- دوْغانێنێن آغزێنێ...
آآی سنین مۇشتۇلوغۇنۇ گتیرهنین ددهسینین سۆمۆگۆنو...
آی.....
یامان-یوْوۇزلارین بؤیوك حیصهسی، شئیخیمیزین آروادێنین پایێایدی:
- اوْغۇل دوْغان یئرده داش دوْغایدێن..تۆنبهتۆنۆن قێزێ دئه گؤرۆم؛ بو گدهنین تیكهسینی هانسێ كؤپگین قێزێندان یئمیسن... نییه بۇ یئتیم اوْبیری اۇشاقلاریما چكمهییب؟...غوربتدهكی بالالاریم ایرانین، منیم باشیمی اوجالدان یئرده، بۇ یاراماز بوْیۇمو دیری-دیری یئره سوْخۇر..
یازێق آرواد جێنقێرێنی چێخارتمێر، بۆتۆن بو قاخێنجلارا، دانلاقلارا دؤزۆردۆ.
كئچن آی، شهرام بیرینین بۇرنۇنۇ سێندێریب اوْتۇز میلیوْن وئرمهلی اوْلدۇ. بللیدیر؛ دییهنی شئیخمیز وئرهجك ایدی. پێچاق وۆرسایدێن قانێ چێخمازدێ شئیخیمیزین. قێزدی..قێزدی..برك قێزدی. حیرصینی سوْیوتماسایدێ پاتلایاجاق ایدی. آروادێنێن اۆستۆنه یۇمۇلوب آتدێ سیلله- تپیگین آلتینا. بو كز تیكه سؤزۆندن اؤتهیه گئتدی:
- ایتین قێزی دئ گؤرۆم بو كؤپك اوْغلو كیمدندیر؟!
آروادین آغزی- بۇرنۇ بیر بیرینه قارێشدێ. آفتافا لۆلۆگو كیمی بۇرنۇندان قان آخێردێ. جانا دوْیدۇ. " وۇرما... وۇرما.. دئییم" دئدی آغلایا-آغلایا.
- تئز اوْل دئ..تئز اوْل دئ.. بو بیج كیمدندیر؟!
آرواد هێچقێرا- هێچقێرا یانێتلادێ:
- شهرام اؤزبهاؤز اوْغلۇندۇر شئیخ!... بهرام ایله پرهام اؤزگهدندیرلر!!..
***
Bu uşaq kimdəndir?!
Dr.Jery
Şeyximizin üç oğlu vardır; birincisi- Bəhram, NASA-da uzay uzmanıdır. ikincisi- Pərham, Kəmbric-də professordur. üçüncüsü- Şəhram, darğaşagirddir; bir ayağı polis idarəsində bir ayağı isə dostaqdadır. "Bəhram adlı bir Iranlı NASAnı dolandırır" verlişi televizyondan yayılanda Şəhramın boynuna aftafa asılıb küçə-bazarda gəzdirilməkədə idi. qəzetlər, Kəmbricdəki Iranlı, professor Pərhamın başarılarını basanda, Şəhram çaxır içmək suçu ilə məhkəmənin həyətində qamçı yeməkdə idi.
Şəhram pox çıxardanda, şeyximiz kuf deyib göyə çıxır, gözünü yumub ağzını açır, dilinə gələni deyirdi:
- aaay sənin əkib- doğanının ağzını...
aay sənin muştuluğunu gətirənin dədəsinin sümüyünü...
ay.....
Yaman-yovuzların böyük hissəsi, Şeyximizin arvadının payı idi:
- oğul doğan yerdə daş doğaydın.. tünbətünün qızı de görüm; bu gədənin tikəsini hansı köpəyin qızından yemisən... niyə bu yetim o biri uşaqlarıma çəkməyib?...qurbətədəki balalarım Iranın, mənim başımı ucaltan yerdə, bu yaramaz boyumu diri-diri yerə soxur..
yazıq arvad cınqırını çıxartmır, bütün bu qaxınclara, danlaqlara dözürdü.
keçən ay, Şəhram birinin burnunu sındırıb otuz milyon verməli oldu. bəllidir; diyəni Şeyxmiz verəcək idi. bıçaq vursaydın qanı çıxmazdı Şeyximizin. qızdı..qızdı..bərk qızdı. hirsini soyutmasaydı patlayacaq idi. arvadının üstünə yumulub atdı şillə- təpiyin altına. bu kəz tikə sözündən ötəyə getədi:
- itin qızı de görüm bu köpək oğlu kimdəndir?!
arvadın ağzı- burnu bir birinə qarışdı. aftafa lülüyü kimi burnundan qan axırdı. cana doydu. " vurma... vurma.. deyim" dedi ağlaya-ağlaya.
- tez ol de..tez ol de.. bu bic kimdəndir?!
arvad hıçqıra- hıçqıra yanıtladı:
- Şəhram özbəöz oğlundur Şeyx!... Bəhram ilə Pərham özgədəndirlər!!..
بؤلوم: حیكایه و گولمهجهلر