نفت پولو
دوکتورجئری
قاپینی دؤین، قونشوموز مشدی سولطانعلی ایدی. ائشیگه چیخاجاق یئنه بیر کاغیذی الیمه وئریب سوروشدو:
- باشینا دؤنوم بالا!... باخ گؤر بو نفت پولودور؟!
مشدی سولطانعلی، ساده بیر کیشیدیر؛ یئتمیشبئش یاشی وار؛ دئدیگینه گؤره او نفت پولونا گؤره اینقیلاف ائلهییب. ایندی اوتوز نئچه ایلدیر گؤزونو قاپییا تیکیب بوگون - صاباحدیر نفت پولونو گتیریب قاپیدان بیلهسینه تحویل وئرهلر. ها بیلهسینه دئییرم،"آی مشه سولطانعلی عمی! آلدیغین بو یارانهلر ائله نفت پولودور!" بئینینه باتمیر کی باتمیر، دئییر: "یوخ بالا سن بیلمزسن! بو رایانهدیر.. سو- برق پولودور... نفت پولو دئییل، من نفت پولونو تانییرام!...".
کاغیذا باخدیم؛ گاز ایخطار کاغیذی ایدی:
-مشه سولطانعلی عمی، ائوده اولمامیشسیز، بونو گاز ایدارهسی طرفیندن آتیبلار...
سؤزومو کسدی:
- یعنی نفت پولونو گئدیب گاز ایدارهسیندن آلاجاغیق؟!
- یوخ!.. گاز کونتورونون سایینی یازیب آپاراجاقسیز گاز ایدارهسینه قبض آلاسیز...
- نفت پولونون قبضینی؟!
- یوخ! قبض آلاسیز آپاراسیز بانکا...
- قبضی آپاراق بانکا نفت پولونو اورادان آلاق؟!
- یوخ! آپاراسیز گازین پولونو بانکا تؤکهسیز...
مشدی سولطانعلینین قاش-قاباغی ساللاندی.
ساتاشدیم:
- قاش- قاباغینی بئله ساللاما مشدی موشتولوغومو وئر!
دوداغی قاچدی:
- نه اولوب اولمایا نفت پولونو وئرهجکلر؟!..
- یوخ گازین قیمتی گئنه باهالاشیب ایکی قات اؤدهیهجهییک!!
پرت اولدو:
- سنین ده میرتینین باشی یاریمدیر!!
سؤزو دگیشدیردیم:
- مشدی سن هئچ بیلیرسن گاز نئجه دوزهلیر؟!..
چیگنینی آتدی:
- من نه بیلیم یئردن چیخیر.. اؤز-اؤزونه دوزهلیر دا!!..
بیلگینجهسینه قاشلاریمی یوخاری قالدیریب باشیمی توْولادیم:
- یوخ مشدی گاز اؤز-اؤزونه دوزلمیر... آدی اوستونده اولدوغو کیمی، گاز نفتین اوستوراغیدیر!!
مشدی سولطانعلی چاشقین-چاشقین الینی الینه چالدی:
- پاااه آتانی...دئمک نفت پولو وئرمکدن نفتین اوستوراغینین پولونودا بیزدن آلیرلار؟!!..
باشیملا دوغرولادیم.
Neft pulu
Dr.Jery
Qapını döyən, qonşumuz məşədi Sultanəli idi. Eşiyə çıxcaq yenə bir kağızı əlimə verib soruşdu:
- Başına dönüm bala!... bax gör bu neft puludur?!
Məşədi Sultanəli sadə bir kişidir.Yetmişbeş yaşı var. Dediyinə görə o neft puluna görə inqilaf eləyib. İndi otuz neçə ildir gözünü qapıya tikib bugün - sabahdır neft pulunu gətirib qapıdan biləsinə təhvil verələr. Ha biləsinə deyirəm,"Ay məşə Sultanəli əmi! aldığın bu yaranələr elə neft puludur!" beyninə batmır ki batmır, deyir: "Yox bala sən bilməzsən! bu rayanədir.. su- bərq puludur... neft pulu deyil, mən neft pulunu tanıyıram!...".
Kağıza baxdım, qaz ixtar kağızı idi:
- Məşə Sultanəli əmi, evdə olmamışsız, bunu qaz idarəsi tərəfindən atıblar...
Sözümü kəsdi:
- Yəni neft pulunu gedib qaz idarəsindən alacağıq?!
- Yox!.. qaz kontorunun sayını yazıb aparacaqsız qaz idarəsinə qəbz alasız...
- Neft pulunun qəbzini?!
- Yox! qəbz alasız aparasız banka...
- Qəbzi aparaq banka neft pulunu oradan alaq?!
- Yox! aparasız qazın pulunu banka tökəsiz...
Məşədi Sultanəlinin qaş-qabağı sallandı.
Sataşdım:
- Qaş- qabağını belə sallama məşədi muştuluğumu ver!
Dodağı qaçdı:
- Nə olub olmaya neft pulunu verəcəklər?!..
- Yox qazın qiyməti genə bahalaşıb iki qat ödəyəcəyik!!
Pərt oldu:
- Sənin də mırtının başı yarımdır!!
Sözü dəyişdirdim:
- Məşədi sən heç bilirsən qaz necə düzəlir?!..
Çiynini atdı:
- Mən nə bilim yerdən çıxır.. öz-özünə düzəlir da!!..
Bilgincəsinə qaşlarımı yuxarı qaldırıb başımı tovladım:
- Yox məşədi qaz öz-özünə düzəlmir... adı üstündə olduğu kimi, qaz neftin osturağıdır!!
Məşədi Sultanəli çaşqın-çaşqın əlini əlinə çaldı:
- Paaah atanı...demək neft pulu verməkdən neftin osturağının pulunuda bizdən alırlar?!!..
Başımla doğruladım.
بؤلوم: حیكایه و گولمهجهلر